
2026-cı il oktyabrın 14–15-də Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici İqtisadi Əlaqələr Nümayəndəsi cənab Gerhard Lacknerin rəhbərlik etdiyi Avstriya şirkətlərinin nümayəndələrindən ibarət heyət Azərbaycana səfər edib. Səfər çərçivəsində oktyabrın 15-də Avstriya Respublikasının Azərbaycandakı Səfirliyinin iqamətgahında nümayəndə heyətinin şərəfinə rəsmi qəbul və şam yeməyi təşkil olunub. Tədbirdə “ArchiCO Engineering Company”nin icraçı direktoru Cavad Musayev də iştirak edib. Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Etienne Berchtoldun dəvəti ilə Avstriyanın Azərbaycandakı ticarət missiyası ilə əlaqədar təşkil olunan tədbir iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyıb. Avstriya şirkətlərinin Azərbaycana səfəri ölkənin biznes mühiti ilə tanışlıq, yerli şirkətlərlə işgüzar əlaqələrin qurulması və müxtəlif sektorlarda potensial tərəfdaşlıq imkanlarının araşdırılması üçün şərait yaradır. ArchiCO Engineering Company beynəlxalq işgüzar əlaqələrin genişləndirilməsini, yeni tərəfdaşlıqların qurulmasını və mühəndislik, tikinti və layihələndirmə sahələrində əməkdaşlıq imkanlarının inkişafını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.





